Dünyanın sonu vəya reallığımız

   
 Açığı səhər işə gedəndə mənim yadımdan çıxmışdı ki, bu gün 21.12.2012 tarixidir və dünyanın sonudur. Taksi sürücüsü yarı ironik, yarı razı halda mənə deyəndə ki, "nə yaxşı dünyanın sonu söhbətini ortaya atıblar, bax yollar nə boşdur". Doğrudan da iş günü olmasına baxmayaraq şəhərdə qəribə də olsa çox az avtomobil var idi. Taksi sürücüsünün dediyinə əsasən bu insanlar hamısı rayonlara gediblər ki, canlarını qurtarsınlar. Onda mənə dəhşətli bir həqiqət aşkar oldu. Məgər bizim xalq müsəlman xalqı deyil? Allah Təala Quranda açıq-aşkar bildirir ki, qiyamət günü ancaq ona məlumdur və onun dəqiq vaxtını heç kim bilmir. Məgər bu insanlar anlamırlar ki, bu canı sənə verən Allah Şamaxıda da olsan, Kaiforniyada da olsan, Himalay dağının zirvəsində də olsan vaxtı çatanda geri alacaq? Əslində bu çox acınacaqlı bir haldır ki, insanlar bir grup fırıldağçının pul qazanmaq üçün ortaya atdıqları və KİV-lərdə yaxşıca reklam etdikləri bu oyuna aldanıblar. Təəssüf ki, bu hadisədən sonra məndə elə təəssürat yaranıb ki, bəzi insanlar televizorlarda eşitdikləri xəbərə vəya internet saytında oxuduqları sensasiyaya Allahdan çox inanırlar.
     Amma şəxsən mənim üçün hadisələrin pik nöqtəsi bu gün uşaqların məktəbə gedmədiklərini öyrənməyim oldu. Sən demə məktəbdə müəllimlər uşaqlara deyiblər ki, "dünyanın sonu ilə bağlı sabah dərsə gəlməyin. Gəlin dünyanın sonunu evdə əzizlərimiz ilə birlikdə keçirək, amma birinci gün hamı bir nəfər kimi dərsdə olsun!" Maraqlı gələn odur ki, məktəb müstəqil qurum deyil ki, özbaşına bu cür qərarlar çıxardsın. Respublikanın ərazisindəki bütün məktəblər Təhsil Nazirliyinə tabedirlər. Görəsən nazirlikdəki məmurların bu söhbətlərdən xəbərləri yoxdur? 
     Adamı ən çox narahat edən dərs keçməyən müəllimlər deyil, onsuzda 95% ibtidai sinif müəllimlərimiz dərsdən sonra demək olar ki, bütün sinifi saxlayıb onlara əvəzində 125 manat maaş aldığı qanuni dərslərində başa sala bilmədiyi materialları adam başı 50 manat əlavə haqq aldıqdan sonra çox gözəl izah edir. Bu müəllimlərə rüşvətxor damğası vurmaq lazım deyil. Vallah ailəsini 125 manata bir ay dolandırmalı olan istənilən insan bunların yerində olsa idi eyni yola əl atardı. Əsası əlavə 50 manata da olsa uşaqlarımıza təhsil versinlər çünki, bizim indiki nəslimiz təhsilli ola-ola qiyamət günündən Şamaxıda gizlənmək qədər cahildirsə onda təhsilsiz böyüyəcək gənc nəsildən nə gözləyəsən?
     Problem isə təbii ki, qarnı doymaq bilməyən məmurlardadır! Bax burda artıq korrupsiya ictimai xəstəlik kimi özünü birüzə verir. Eyni yollara ildə azı 2-3 dəfə asfalt çəkdirən, eyni işiq dirəklərini dəfələrnən dəyişdirən, eyni hasarları rəngdən-rəngə boyayan insafsız məmurlar.
     Cənab Prezidentin evdən işə gedən yola baxanda bir anlıq insan özünü Kaliforniyada hiss edir. Nə qədər hamar asfalt örtüyü, yolun qırağına səliqə ilə düzülmüş mərmərlər. Bəs digər küçələr Bakiya aid deyil? Sonra hələ cəmiyyətdə bəzi narazılar deyirlə ki, Cənab Prezident niyə hər obyektin açılışına şəxsən gedir? Ona görə gedir ki, bunlar başqa cür işləmirlər!
     Təbii ki, sözümüz bütün məmurlarımıza aid deyil. Onların içində həqiqətən də dövlətinə, vətəninə, xalqına sədaqətlə xidmət edənləri az deyil. Amma o məmurlar ki, işləri ancaq çapıb-talamaqdır bilməlidirlər ki, Azərbaycan artıq çox güclüdür və Cənab Prezident İlham Əliyevin siyasi iradəsi bunların hamısına cəza verməyə yetəcək, artıq gözləməyə çox qalmayıb. Cənab Prezident son çıxışlarında açıq bildirmişdir ki, respublikada baş verən bütün hadisələr onun diqqətindədir və tezliklə səlahiyyətlərindən süni istifadə edənlər cəzalandırılacaqlar. Çünki vəzifəsindən asılı olmayaraq hər bir məmurun birinci vəzifəsi xalqının rifahına xidmət etməkdir.

Comments

Popular posts from this blog

Post-modern satanocratia

20 yanvar hadisələri...

Открытое письмо Макаревича Путину