Yetişən gəncliyimiz və mənəviyyat
Bu məqaləni çoxdan ərsəyə gətirmək istəyim
var idi. Amma gündəlik işlərin çoxluğu və bitib-tükənməz problemlər imkan
tanımırdı. Nəhayət fürsət tapıb zənnimcə zəmanəmizin ən aktual ictimai problemlərindən
biri ilə bağlı fikirlərimi oxucu ilə bölüşmək istəyirəm.
Bildiyimiz kimi, dövlət və xalq bir canlı
bədənin ayrılmaz tərkib hissələridir. Bir dövlətin sağlam təməl üstündə
qurulması və daim inkişaf edib çiçəklənməsi üçün dahi siyasi lider, düzgün
bünövrə üstündə qurulmuş və fəaliyyət göstərən ictimai-siyasi sistemin olması zəruriliyinin
yanında mütləq sağlam əqidəyə və mənəviyyata malik olan xalq da olmalıdır. Xalq
deyərkən eyni kökə, mədəniyyətə, milli-mənəvi dəyərlər sisteminə bağlı olan
müxtəlif yaş təbəqələrindən təşkil olunan insanların birliyi nəzərdə tutulur.
Allaha çox şükürlər olsun ki, bizim xalqımız çox zəngin ziyalı təbəqəyə
malikdir, amma bu məqalənin mövzusu gənclərdir.
Gənc insanlar yaradılışları etibarı ilə
dünyanın hər bir yerində elmi-texnoloji inkişafı daha tez mənimsəyən, idealist
və haqqına olaraq parlaq gələcəkləri üçün mübarizə ruhlu olurlar. Yəni ərəb
baharında gördüyümüz kimi cəmiyyətin narazı kütləsi müxtəlif təbəqələr ola bilər
və başlanğıclar daha yaşlı və təcrübəli insanların təşəbbüsü ola bilər, amma nəhayətdə
bütün inqilablar gənclərin əli ilə həyata keçir. Buna görə hər bir hökümət öz gənc
vətəndaşları ilə bağlı dərin təbliğati işlər keçirir və hər bir düşmən öz rəqibinin
ölkəsində ilk olaraq gənclərin təfəkkürünü zəhərləyib, onları ələ almaq istəyir.
Bu yaxınlarda Professor Zahid Qaralovun
“Heydər Əliyevin Elmi İrsi (nəzəriyyə və təcrübə)” adlı 2 cildlik kitabını
mütaliə etdim. Həqiqətən də insan xalqımızın bu cür ziyalı, alim və vətənpərvər
xadimlərinin varlığı ilə fəxr edir. Bu qiymətli əsərdən əxz etdiyim bilikləri
oxucular ilə bölüşmək istəyirəm ki, bizim də fikirlərimiz ilə üst-üstə düşür.
Heydər Əliyev öz uzun və ibrət dolu həyat yolu ilə bizə bir çox nümunələr qoyub
gedmişdir. Yəni ümummilli lider nəinki respublikamızın müstəqilliyinin bərpası
və bərkiməsi müstəvisində öz boynuna düşən vəzifəni kamil şəkildə yerinə
yetirmişdir, habelə özündən sonra gələcək nəsillərə vətənə xidmət və parlaq gələcəyə
aparan dəqiq yolları qoyub haqq dünyasına köçmüşdür. Heydər Əliyevin siyasətini
bir çox istiqamətdən təhlil etmək olar, amma bizi məqaləmizin mövzusuna uyğun
olaraq gənclərlə bağlı fikirləri maraqlandırır.
Biz ümummilli liderin gənclərin mənəviyyatına
aid olan fikirləri ilə daha yaxından tanış olmalıyıq. Heydər Əliyev hesab
edirdi ki, əqidəsi və mənəviyyatı olmayan gənclik ölkəni məhvə sürükləyə bilər.
Buna görə çıxışları zamanı dəfələrlə vurğulayırdı ki, biz mədəni-mənəvi
irsimizi daha dərindən öyrənməli və qiymətləndirməliyik. Prezident olduğu
zamanda isə özünün gəbul etdiyi inkişaf programlarında gənclərin mənəvi və
intelektual inkişafına çox böyük önəm verirdi.
Mənəviyyat isə müasir zamanda bir
çoxlarının zənn etdiyi kimi sırf qərb etiketinin qaydalarını bilməklə
qurtarmır. Ümumiyyətlə biz Qərb mədəniyyətinə integrasiya ideyasına o qədər
aludə olduq ki, yüz illərlə formalaşan və özümüzə məxsus olan Şərq, İslam mədəniyyətini
unutduq. Təbii ki, biz müasir dünyanın insanı olmalıyıq, amma bir Britaniyalı hər
şeydən əvvəl inglis və xristiyan, bir Fransalı hər şeydən əvvəl bir fransız və Avropalı
olduğunu bilirsə, biz də hər şeydən əvvəl bir Azərbaycanlı və müsəlman
olduğumuzu qəti bilməliyik. Burada söhbət əsla milliyyətçilikdən və ya dini
fanatizmdən getmir, söhbət bizim bir xalq kimi, bir mədəniyyət daşıyıcıları
kimi dünyada həll olub aradan getməyimizdən gedir.
Tonlarla çəkilən filmlərdən, kliplərdən,
ümümdünya xəbər şirkətlərindən tutmuş bütün populyar və söz sahibi olan KİV-lərə
qədər bu gün Qərbin əlində cəmləşmişdir. Və biz də bütün digər dünya xalqları
kimi evimizdə oturub peyk antenaları ilə bütün günü ancaq birtəfərli təbliğat
maşınına yem oluruq. Bu düzgün ideologiyanın seçilməsi baxımından çox çətin
zamanda hər birimizin insani vəzifəsi geniş araşdırma aparmaqdır. Ələxsus
sözümüz gənclərə aiddir. Hər hansı bir mədəniyyəti kor-koranə təbliğ etməzdən əvvəl
bir öz mədəniyyətimizi araşdıraq. Nə üçün Qərb mədəniyyəti bütün ideoloji təbliğat
vasitələri ilə İslam mədəniyyətini və İslam dinini aradan aparmaq üçün bu qədər
zəhmət çəkirlər?
Allah islam Peyğəmbərini bütün ilahi peyğəmbərlərin
missiyasını bitirmək vəzifəsi ilə şərəfləndirmişdir. Bu din insanın yaradılış
mahiyyətini açıqlayır və insanın hədəfinin “insan” kimi yaşamaqda olduğunu
bildirir. Belə ki, Qurani Kərimin bir ayəsində Allah Təala buyurur: “Biz insanı
kəramətli yaratdıq”. Yəni Allah Kərimdir, insanı da özünə uyğun olaraq kəramətli
yaradıb. Bizim dinimiz ali əxlaqi keyfiyyətləri, dinlər arası tolerantlığı və
bütün müsbət xislətləri birləşdirən bir ümumbəşəri mədəniyyət olabiləcək bir əqidədir.
Müasir dünya bunu başa düşüb qəbul etməyənə qədər bütün globallaşma səyləri
uğursuzluğa məhkumdur.
Bizim gənclərimiz Heydər Əliyevin azərbaycançılıq
məfkürəsini dərindən mənimsəməlidirlər. Belə ki, ümummilli lider dəfələrlə
çıxışları zamanı vurğulamışdır ki, bir insan vətəninə, xalqına, yaşadığı cəmiyyətə
faydalı olması üçün fəaliyyət sahəsindən asılı olmayaraq mənəviyyatlı olmalıdır.
Təbii ki, mənəviyyat sözünü ancaq dini mənada anlamaq düzgün olmazdı. Mənəviyat
anlayışı hər bir sahəyə görə dəyişir. Misal üçün bir siyasətçinin mənəviyyatlı
olması o deməkdir ki, onun üçün şəxsi mənafeyindən əvvəl dövlətin mənafeyi, ailəsinin
güzəranından əvvəl xalqın güzəranı vacibdir. Heydər Əliyev siyasi mənəviyyatın ən
bariz nümunəsidir, 1987-ci ilin oktyabr ayında zorla SSRİ rəhbərliyindən
uzaqlaşdırılıb təqaüdə göndəriləndə onun Moskvada ailəsi ilə birlikdə yaşadığı
mənzildən başqa heç nəyi yox idi, o mənzil də partiyaya məxsus idi və yüksək
rütbəli məmurların yalnız istifadəsinə verilirdi. Belə ki, ümummilli liderin Azərbaycana
qayıdandan sonra özünə məxsus olan bir mənzili də yox idi və o yaxın
qohumlarının evində yaşamağa başlayır.
Müasir dünya globallaşma bəhanəsi altında
müstəqil ölkələri demokratiya quruculuğu pərdəsi ilə istila etməyə çalışan, əslində
öz ölkələrində demokratiyadan çox uzaq olan bəzi dövlətlərin meydanına
çevrilmişdir. Bu ölkələr global güclərə və regional güclərə bölünüblər. Bizim
kimi sahəsi və əhalisinin sayı çox olmayan dövlətlərin bu oyunda aparıcı rola
sahib olması mümkün deyil. Amma Heydər Əliyevin dahiyanə yaratdığı
balanslaşdırılmış xarici siyasət kursunun cənab prezident İlham Əliyevin mükəmməl
tətbiqi nəticəsində biz öz regionumuzda belə bir gücə çevrilmişik ki, heç bir
layihə bizim iştirakimız olmadan reallaşa bilməz. Bu bizim bir dövlət kimi
gücümüzün sübutudur. Lakin gənclərimizdə siyasi proseslərə qarşı laqeydlik və
anlaşılmazlıq var. Buna görə dövlətimizin müstəqilliyini daha da möhkəmləndirmək,
işğalda olan torpaqlarımızı qaytarmaq və nəhayət Azərbaycanın düşmənlərinin əlində
bir anti-milli alətə çevrilməmək üçün gənclərimizi öz köklərini, dini mədəniyyətlərini
və Heydər Əliyevin ictimai-siyasi irsini daha dərindən mənimsəməyə dəvət
edirik.
Bizim bir xalq, bir dövlət olaraq kamilləşməyimiz
üçün bütün potensialımız var. Zəngin milli-mədəni irsimiz, görkəmli tarixi şəxsiyyətlərdən
ibarət olan nümunələr və Heydər Əliyev kimi böyük siyasi-ictimai mənəviyyat
çeşməsi mövcuddur. Gənclərimiz bu çeşmədən doyunca istifadə etməli və təbii ki,
o dahi siyasətçinin nümunəsini öz həyatlarına tətbiq etməyə çalışmalıdırlar.

Comments
Post a Comment