Allahpərəst materialistlər
Sosial şəbəkələrdə müzakirə olunan mövzulara, televiziyada açılan və bağlanan şou programlara baxıram, adam narahat olmaya bilmir. Düzdür orda gedən söhbətlər çox vaxt sırf kiminsə subyektiv fikrindən başqa bir şey deyil, amma sosial şəbəkələrin həyatımıza olan dərin nüfuzu ondan xəbər verir ki, ictimai rəyi formalaşdırmaq istəyirsənsə ənənəvi KİV-lərdən əlavə sosial medianı da diqqətdə saxlamalısan.
Daimi oxucularımız elə başa düşməsinlər ki, bu məqalə da məlumatın idarəolunması mövzusuna həsr olunacaq. Sadəcə bizi narahat edən bəzi ictimai məqamlara münasibətimizi bildirmək istəyirik.
İnsan yaradılışı etibarı ilə zahirpərəst varlıqdır və zahirən gözəl əşyalar onun diqqətini tez cəlb edir. Zira düşüncə və məntiq sahibi olan varlıq yaşayışını hər parıldayanın dalısınca qaçmaqda zay etməməlidir. Hər parıldayan əşya deyəndə mən bizim nəzərimizi özünə cəlb edə bilən hər şeyi ümumiləşdirirəm (bu avtomobil də, vəzifə də, ev, bağ, obyekt də, qır-qızıl da ola bilər) nəhayətdə bütün bu sadalanan və sadalanmayanlar hamısı MATERİYADIR. Biz özümüz də materiyadan təşəkkül tapdığımıza görə materiyaya bu qədər məhəbbətimiz var. Yəni söhbət ondan gedmir ki, qızıl özlüyündə çox qiymətli əşyadır, insanlar ona bu qiyməti veriblər. Sabah bütün dünya danışsa ki, daha qızıl yox aliminium ən bahalı metal olacaq kütlə bu səfər daha çox aliminium əldə etmək üzrə yarışa çıxacaq. Bu müstəvidə insanın materiyaya olan hərisliyi başa düşüləndir. Sual bundan ibarətdir ki, həqiqətənmi insan sırf materiyadan ibarət olan varlıqdır və ömrünü başqa materiyaların ovunda keçirməlidir? Ya insan iki - maddi və mənəvi hissədən ibarət olan varlıqdır? Və hissələrdən biri inkişaf etsə, digəri isə inkişafdan geri qalsa assimmetrik "kvazimodaya" oxşar bir varlığa dönər?
Bu mövzu çox gəliz olduğuna görə və minilliklərdir alimlərin müzakirə predmeti olduğuna görə cavablandırılması bu qısa məqalənin hövsələsindən kənardır. Lakin, oxucularımızın diqqətini bir məqama cəlb etmək istəyirəm. Çalışacağam ki, fikrimiz aydın və asan olsun. Amma mövzu bir az fəlsəfi olduğuna görə oxuculardan maksimal diqqət xahiş etmək istəyirəm. Biz indi sırf materiyadan danışıb bir həqiqəti isbat etməyə çalışacağıq.
Bizi əhatə edən (biz də daxil) hər bir əşya məhdud və möhtacdır. Var olması üçün hava, su, yemək, zaman, məkan, kəmiyyət, ağırlıq, təsir və sairə yüzlərlə səbəblərin cəm olması lazımdır. Yəni bu şərtlər təşkil olunmasalar bizim və bizi əhatə edən digər əşyaların var olması mümkün deyil. Belə olan halda bu qədər möhtac varlıqların aləmi yaradmaqları nə qədər mümkündür? Hamımız bilirik ki, bu aləmdə yaşayışın əsas qaydalarından biri SƏBƏB-NƏTİCƏ qanunudur. Yəni səbəbsiz nəticənin olması mümkün deyil. Misal, axşam evə gələndə çörək almasan səhər yuxudan duranda çörək yeməyin mümkün deyil. Çünki səbəbsiz nəticənin hasil olması mümkün deyil. Hamımız bu ali qanunun altında yaşayırıq.
İndi nəzərinizə indiyə qədər tanıdığınız və tanımadığınız bütün varlıqları gətirin, böyük rəqəm alındı... Bütün varlıqları bir-birinə yaradılışda səbəb qərar versək uzun bir növbə yaranacaq. Təsəvvür edin ki, kainatda milyonlara varlıqlar var və biz nəzəri baxımdan onları sıralamağa başlayırıq. Bu varlıq flan varlıqdan yaranıb, o varlıq flan varlıqda və bu cür davam edirik. Nəhayət gəlib bir yerdə ilişəcəyik ki, bəs bu ən birinci varlığı kim yaradıb? Çünki təsəvvür edə biləcəyimiz ən ilk varlıq da, materialistlərin dili ilə desək, tək hüceyrəli "infuzor slipper - инфузория туфелька" kimi su sakini belə materiadan təşkil olduğuna görə ehtiyyaclıdır (ən azından kəmiyyəti və çəkisi olduğuna görə yaşaması üçün şit su olmalıdır). Bu şit su olmasa o var ola bilməz.
Xülasələşədirib bu qənaətə gəlirik ki, var olan bütün varlıqlar möhtac olduqları üçün bir-birinin yaradılış səbəbləri olsalar belə ilk təkan verən SƏBƏBLƏR SƏBƏBİ olmalıdır ki, o hər şeydən ehtuyyacsız olsun. Bu yerdə Quranda İxlas surəsində olan ayə yadıma düşdü "Denən ki, Allah ehtiyyacsızdır". Ehtiyyacsız olan varlıq adını şərti olaraq "allah" qoyaq. Yəni kimin onu necə çağırsa da bundan mahiyyət dəyişmir. Bu varlığın hər cür ehtiyyacdan uzaq olması gərəkir. Yəni bütün kamilliklərin özüdür. Belə olan halda hikmətin də özü olmalıdır, yəni dünyanı və insanı konkret bir hikmət və hədəf üçün yaradmalıdır. Əks təqdirdə yaradılışın hikməti olmasa (yəni mən sizi elə-belə yaratdım bundan sonra özünüz bilərsiniz kimi) onda əbəs bir iş görmüş olur. Əbəs iş görən varlıq isə hikmətə zidd bir iş gördüyünə görə kamalın özü ola bilməz. Kamalın özü deyilsə bayaq qeyd olunduğu kimi tam kamil varlıq deyil və bizim kimi möhtacdır və bu varlıq səbəblər səbəbi ola bilməz.
Amma biz də daxil kainatı başdan-başa bürüyən bütün varlıqların mövcud olması özü-özlüyündə bunu sübüt edir ki, bir varlıq da var ki, bütün kamalatın özüdür və tam ehtiyyacsızdır! Bax bu varlıq hər şeyə ilk təkan verən amildir. Və bu varlıq kamalın özü olduğuna görə hər şeyi və bizi də yaradmasında mütləq bir hikmət olmalıdır. Əks təqdirdə bu ona bənzəyərdi ki, sizi kimsə bir yerə dəvət edir amma nə üçün dəvət edirsən soruşanda desin ki, heç elə-belə!
Bəs biz insanlar nə üçün yaradıldığımızı və bu dünyaya nə üçün dəvət olunduğumuzu necə öyrənməliyik? Bunun üçün allah peyğəmbər və imamları göndərib və bunun üçün insanların yaradılış hədəfləri barəsində söhbət açılan müqəddəs kitablar göndərib. Göndərib ki, insan qır-qızıl, vəzifə, pul, mal-dövlət davasından başı açılanda və işdir birdən yadına düşsə ki, sabah ölüm var...hələ gəl mən bir-iki saat vaxt ayırım fikirləşim ümumiyyətlə bura nə üçün gəlmişəm və bundan sonra hara gedəcəyəm?...
Düzdür məqaləmizin əvvəli sonradan keçdiyimiz fəlsəfi mövzuya tam aid olmasa da, mən hesab edirəm ki, bizim məmləkətdə də olduğu kimi bütün dünyanın bu gün ən böyük problemi budur ki, sürətli həyatımızda bir az vaxt ayırıb bu kifayət qədər ciddi mövzular barəsində düşünmürük. Elə hey gündəlik işlərimizin axınında qərq oluruq. Beləliklə də çoxumuzun daim narazılıq etdiyi ictimai fəsad əmələ gəlir. Sözümü dünya qədər qədim bir fikir ilə tamamlamaq istəyirəm "Dünyanı düzəldmək istəyirsənsə, birinci özündən başla"!
Comments
Post a Comment