“Avromaydan” və informasiyanın gücü
İnformasiya resurslarının idarə olunması barəsində qələmə aldığımız məqalədə mövzunu
elmi-akademik və tarixi müstəvilərdə araşdırmağa çalışmışdıq. Ukraynada cərəyan
edən “avromaydan”ın yeni ictimai-siyasi fenomen kimi formalaşmasını və proseslərin
Azərbaycana olan mümkün geosiyasi təsirlərini nəzərə alaraq istərdik ki, cari proseslərdə
üz-üzə dayanan Rusiya və Qərb ölkələrinin nümunəsində informasiyanın necə
manipulyasiya edildiyini qısa araşdıraq. Zira real nümunələrdə mövzu daha rahat
anlaşılan olur.
Başlayaq
lap-lap əvvəldən. Keçən ilin sonlarına doğru ölkə başçısı olduğuna görə Viktor
Yanukoviçin timsalında Ukrayna iki strateji seçim ilə üz-üzə qalmışdı. Avropa
ilə assosiativ sazişin bağlanması və Avropa Birliyinə integrasiyanın yekun
fazasına daxil olmaq və ya Gömrük İttifaqına daxil olub V.V. Putinin tarixi rus
imperiyasının bərpa olunması barəsində olan planına dəstək vermək. Yanukoviç
siyasi uzaqgörənlikdən uzaq, çox uzaq olduğuna görə dövlət və xalq üçün vücudi
vacibliyi olan bu seçimdə siyasi texnologların yerinə, iqtisadi texnologlara üz
tutdu. İnsanı sırf iqtisadi varlıq kimi gəbul edən həmin “daşdan pul çıxarmağı
bacaran oğlanlar” Yanukoviçə məsləhət gördülər ki, “gör kim daha çox pul versə
ona tərəf ged!” Və müasir kapitalizmə tam uyğun azad “bazar” balşadı. Nəticədə
bəşəriyyətin “demokratiya beşiyi və carçısı” olan Avropa ölkələri pulun
azlığını nəzərə alaraq Putinin verdiyi $ 15 milyard müqabilində geri çəkilməyə
məcbur oldular. Putin qələbənin ləzzətini həzm edə-edə ilk 3 milyardı Ukraynaya
köçürtmüşdü ki, Avropadan yayımlanan KİV-lərin apardıqları usanmaz təbliğat nəticəsində
Ukrayna camaatı küçələrə töküldü və heç bir pula baxmayaraq Avropaya qoşulmaq
istədiklərini bildirdilər.
Elias
Karnetti “Hakimiyyət və kütlə” kitabında yazırdı ki, iki tip kütlə olur. Heç
bir konkret rəhbərə və yerə malik olmayan anarxist açıq və hamının tanıdığı, ətrafında
birləşdiyi liderə və yerə sahib olan qapalı kütlə. “Avromaydanı” təşkil edən
açıq kütlə konkret bir yerdən idarə olunmadığına görə hadisələr xaotik cərəyan
edirdi. Daha doğrusu camaat elə bilirdi ki, heç yerdən idarə olunmur. Əslində
isə ora bir tərəfdən İraq, Liviya və Suriyada yaşayan uşaqları “müasir”, “demokrat” və
“insanpərvər” yetişdişdirmək üçün “terorist” ata-babalarını öldürən “demokratiyanın”
beşiyi olan Qərb ölkələri, digər tərəfdən isə dünyanın şərqini özünün şəxsi
mülkü, orda yaşayan camaatı isə nökərləri hesab edən Rusiya tərəfindən sızdırılan
şifahi informasiyalar, yazılı kağızlar, sloganlar, sms-lar, mms-lar, sosial şəbəkələrdə
yayımlanan postlar, təşkil olunan virtual qəzəb günləri, poeziya axşamları kimi tədbirlər və sairə informasiya
manipulyasıyası vasitələri ilə kütlənin necə idarə olunması müstəvisində ən
bariz nümunələrdən biridir. Ukraynada
tətbiq olunan bütün manipulyasiya vasitələri barəsində ayrı-ayrı yazmaq bu məqalənin
hövsələsindən kənar olduğuna görə yuxarıda qeyd olunan ümumi vasitələr və
anlayışlar ilə məhdudlaşmalıyıq.
Yekunda
bu yaxınlarda bir nəfər ilə apardığım polemika barəsində bir-iki cümlə yazmaq
istəyirəm. Rusiyada yaşayan həmin insan təbii ki, məlumatı ancaq RBK və
Rossiya24 telekanallarından əxz etdiyinə görə haqqı tapdanan Krım yarımadasının
rus dilli əhalisinin və Qərb tərəfindən aldanan Ukrayna xalqının taleyi barəsində
çox narahat olduğunu bildirmişdi. Mən deyəndə ki, yaxşı amma Krım parlamentini, şəhərdə olan digər inzibati binalarını və hava limanını mühasirəyə almış təpədən-dırnağa
kimi silahlanmış naməlum ordunun əsgərləri və sərhəddə tam gücü ilə hərbi
müdaxiləyə hazırlaşan Rusiya ordusunun müvafiq korpuslarının əməliyyatları
yerli silahsız, sadə camaatı səndən çox narahat edir yəgin ki. Aldığım cavab bu
oldu ki, sən heçnə başa düşmürsən, məsələnin kökünə baxmaq lazımdır. Məsələnin
kökündə nələr olması ilə bağlı verdiyim suallar isə cavabsız qaldı. Təəssüf ki,
məsələnin kökü barəsində mən hələ də məlumatsız qalmışam...
Comments
Post a Comment